Milli Müdafiə Universitetinin “İntellektual bölmələr” elektron portalı müvafiq seçim meyarlarına uyğun çağırışçıların müraciətlərinin elektron qaydada qəbul edilməsi və müraciətçilərlə operativ əlaqənin təmin olunması məqsədilə yaradılmışdır.
Portala giriş və qeydiyyat
Əvvəllər qeydiyyatdan keçmiş istifadəçilər FİN kodunu və şifrəsini daxil etməklə şəxsi kabinetlərinə keçə bilərlər. İlk dəfə müraciət edən şəxslər isə “Qeydiyyatdan keç” bölməsini seçərək qeydiyyat prosesinə başlamalıdırlar.
Qeydiyyat zamanı istifadəçi əvvəlcə portalın qaydaları ilə tanış olur, daha sonra şəxsi kabinet yaratmaq üçün FİN kodunu, şifrəsini və elektron poçt ünvanını daxil edir. Növbəti mərhələdə şəxsi məlumatlarını, fotoşəklini və əlaqə nömrələrini əlavə edir.
Seçim meyarı və elektron müraciət
Şəxsi məlumatlar daxil edildikdən sonra istifadəçi təqdim olunan altı seçim meyarından özünə uyğun olanı seçir. Növbəti mərhələdə çağırış məlumatlarını və seçilmiş meyar üzrə tələb olunan məlumatları daxil edir, müvafiq təsdiqedici sənədləri əlavə edir.
Beynəlxalq sertifikat sahiblərindən və texnoloji olimpiada, yarış və müsabiqələrin qaliblərindən əlavə olaraq peşəkar təcrübələri, bilik və praktiki bacarıqları barədə ilkin məlumatlar tələb olunur. Bu şəxslərin intellektual bölmələrdə ixtisas üzrə fəaliyyətinin davam etdirilməsi üçün müvafiq səriştələrinin ayrıca qiymətləndirilməsi nəzərdə tutulur.
Müraciətin təsdiqlənməsi
Müraciətin son mərhələsində istifadəçiyə daxil etdiyi məlumatlar və əlavə etdiyi sənədlər üzrə ümumi xülasə təqdim olunur. Məlumatları yoxladıqdan sonra istifadəçi onların düzgünlüyünü, sənədlərin həqiqiliyini və müvafiq hüquqi məsuliyyət barədə məlumatlandırıldığını təsdiq edir.
Qeydiyyat zamanı göstərilmiş elektron poçt ünvanına göndərilən 12 rəqəmli təsdiq kodu daxil edilməklə qeydiyyat tamamlanır və müraciət göndərilir.
Şəxsi kabinet və müraciətin izlənilməsi
Müraciət göndərildikdən sonra istifadəçi şəxsi kabinetində müraciətin qeydiyyat nömrəsini, təqdim etdiyi məlumatları, sənədləri və müraciətin cari vəziyyətini izləyə bilər.
“Məktub qutusu” bölməsi Milli Müdafiə Universiteti tərəfindən müraciətlə bağlı vacib bildirişlərin göndərilməsi üçün nəzərdə tutulmuşdur. Yeni bildiriş daxil olduqda istifadəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına məlumat göndərilir.
Şəxsi kabinetin şifrəsi unudulduqda giriş səhifəsindəki “Şifrənizi unutmusunuz?” bölməsi vasitəsilə elektron poçta göndərilən təsdiq kodu əsasında yeni şifrə müəyyənləşdirmək mümkündür.
Seçim meyarlarına uyğunluq təqdim edilmiş məlumatların və sənədlərin yoxlanılması əsasında müəyyən edilir.