Sənədlər

Qaydalar

← Sənədlərə qayıt

İntellektual bölmələrdə müddətli həqiqi hərbi xidmət üçün müraciət qaydaları

Ümumi məlumat

Azərbaycan Respublikası Müdafiə Nazirliyində tətbiq olunan intellektual bölmələr modeli çərçivəsində yüksək akademik göstəricilərə, xüsusi bilik və peşəkar bacarıqlara malik hərbi qulluqçular müddətli həqiqi hərbi xidmət dövründə öz ixtisaslarına uyğun layihələrə və fəaliyyətlərə cəlb olunurlar.

İntellektual bölmələrdə xidmət imkanı yalnız müddətli həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə keçən, müvafiq seçim meyarlarına uyğun gələn şəxslərə şamil olunur.

Seçim meyarları

İntellektual bölmələrdə xidmətə aşağıdakı meyarlardan ən azı birinə uyğun gələn şəxslər cəlb oluna bilərlər:

1. Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər.

2. Müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ verən beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri.

3. Əvvəlki təqvim ilinin nəticələrinə əsasən Times Higher Education World University Rankings (THE) və ya Academic Ranking of World Universities (ARWU) beynəlxalq reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları.

4. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində təsdiq edilmiş siyahılarda yer alan xarici ali təhsil müəssisələrini müvafiq təhsil proqramları üzrə bitirmiş məzunlar (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq).

5. İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə cari il üçün təsdiq edilmiş siyahıda yer alan “Advanced” və ya “Expert” səviyyəli beynəlxalq sertifikatlara malik şəxslər.

6. Robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə cari il üçün təsdiq edilmiş siyahıda yer alan ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri.

Elektron müraciət və tələb olunan sənədlər

Bütün seçim meyarlar üzrə müraciətlər yalnız elektron qaydada, Milli Müdafiə Universitetinin ib.mmu.edu.az portalı vasitəsilə qəbul edilir.

Müvafiq meyarlara uyğun olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

Qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər:

• Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş, abituriyentin bakalavriat səviyyəsi üzrə keçirilmiş test imtahanlarında topladığı ballar və müsabiqənin nəticəsi haqqında arayış 

• Ali təhsili başa vurduğunu təsdiq edən sənəd (diplom və ya myGov portalından elektron çıxarış)

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul qaydasının şərtlərinə uyğun şəxslər:

• Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş, abituriyentin ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunmasını təsdiq edən arayış

• Ali təhsili başa vurduğunu təsdiq edən sənəd (diplom və ya myGov portalından elektron çıxarış)

TOP-500 universitetlərinin və Dövlət Proqramı üzrə müvafiq siyahılara uyğun məzunlar:

• Xarici ali təhsil müəssisəsində əldə edilmiş ixtisasın Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasını (akademik və peşə tanınmasını) təsdiq edən sənəd.

Hər iki meyar üzrə müraciət edən şəxslər TKTA tərəfindən tam tanınma sənədini əldə edənədək, xarici ali təhsil müəssisəsində təhsilini uğurla başa vurduğunu təsdiq edən, aidiyyəti qurum tərəfindən verilmiş rəsmi arayışı müvəqqəti təsdiqedici sənəd kimi təqdim edə bilərlər. 

İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikat sahibləri:

• Cari il üzrə müvafiq siyahıda yer alan beynəlxalq sertifikatın surəti.

Texnoloji olimpiada, yarış və müsabiqələrin qalibləri:

• Cari il üzrə müvafiq siyahıda yer alan olimpiada, yarış və ya müsabiqədə qalibiyyəti təsdiq edən rəsmi sənəd (diplom, sertifikat və ya digər təsdiqedici sənəd).

Elektron müraciətdə çağırışçının şəxsi və çağırış məlumatları, habelə seçilmiş meyar üzrə tələb olunan digər məlumatlar göstərilməlidir.

Müraciətlərin qiymətləndirilməsi

Təqdim edilmiş məlumatların, sənədlərin həqiqiliyi və seçim meyarlarına uyğunluğu aidiyyəti qaydada yoxlanılır.

Beynəlxalq sertifikat sahiblərinin və texnoloji olimpiada, yarış və müsabiqələrin qaliblərinin ixtisas üzrə nəzəri bilik və praktiki bacarıqları intellektual bölmələrə cəlb olunduqdan sonra əlavə olaraq qiymətləndirilir. İntellektual bölmələrdə xidmətin davam etdirilməsi zamanı həmin qiymətləndirmənin nəticələri nəzərə alınır.

Elektron müraciətin qeydiyyata alınması şəxsin intellektual bölmələrdə xidmətə cəlb olunmasının təsdiqi hesab edilmir. Şəxsin müvafiq bölmələrdə xidmətə cəlb olunması məsələsinə təqdim edilmiş məlumatların və sənədlərin yoxlanılması, habelə müəyyən edilmiş seçim meyarlarına uyğunluğun təsdiqlənməsi əsasında baxılır.